Bir çıraq yanır Çıldır elində

NƏYƏ DESƏN AND İÇİM...  Bir çıraq yanır Çıldır elində  Sovetlər yenicə dağılmışdı, müttəfiq respublikalar yenicə müstəqil olsalar da insanların canına, qanına hopmuş Sovet təhdidi hələ də qalmaqdaydı. Təhtəl şüura hopmuş qorxu istər-istəməz hər addımda özünü biruzə verirdi. O zamanlar 10-12 yaşım olardı. İndiki kimi xatırlayıram. Türkiyədən qonaqlarımız gəlmişdi. Qonaqları görmək, onların niyə gəldiklərini öyrənmək üçün nəsillikcə babam Bayramgilə toplaşdıq. Gələnlər iki ixtiyar idi. Az sonra böyüklərimizdən öyrəndik ki, sən demə bu gələnlər Türkiyənin Qars vilayətindən gəliblər və bizə Qarsdakı qohumlarımızdan məktub gətiriblər... O zamandan sonra qohumlarla sıx-sıx məktublaşmalar oldu. Məktublar gəlib-getsə də, bizlər gedib gələ bilmədik. Əmilərim buna cəhd etsələr də, yolçuluq səfəri baş tutmadı. Bir sözlə, illərin ayrılıq həsrətlililəri bir-birilərini görə bilmədilər. Babam Bayram canından-qanından olan əqrəbalarınını görə bilməsə də, onlarla görüşə, göndərdikləri məktublardan boylanırdı, hərflərdə, cümlələrdə onların üzünü görür, nəfəsini duyurdu. İllər ötdü. Babam, əmisi uşaqlarına qovuşmadan Haqqın dərgahına yolçuluq etdi. Və beləcə bir müddət ötdü. Nə gedən oldu, nə də gələn. ...Mən bə böyüyüb ali məktəbə daxil oldum. Universiteti bitirib iş həyatına başladım. Amma Türkiyədəki qohumlarımız heç zaman ağlımdan çıxmırdı. Onları axtarıb tapmaq, görüşmək arzusunda idim. Bir dəfə Borçalıya, kəndimizə, Aşağı Qullara getdim. Rəhmətlik Nurəddin əmimdən onlardan gələn məktubun birini aldım və məktubda yazılmış ünvana əsasən internet üzərindən onları soraqlamağa başladım. Və şükürlər olsu Uca Yaradana, sorağım ünvana yetişmişdi... O andan sonra ilk olaraq telefon görüşmələrimiz, az sonra da get-gəl başladı. Mən də getmək, onları daha yaxından görmək, sarılmaq istəyirdim, Babamın əvəzindən, babam  necə sarılardı eləcə...   Müqəddəslər diyarı Naxçıvan Naxçıvanda heç olmamışdım. İlk dəfə idi gedirdim. Hava limanında İğdıra gedən taksilərin birinə oturub yola düzəldik.  Blokadada olan bu müqəddəs torpağı qarış-qarış gəzmək,
tarixi yerləri, ziyarətgahları - Əshabi Kəfi, Duz Dağı, Əlincə qalasını, Möminə Xatun türbəsini və s. yerləri görmək arzusunda idim. Düzdü, zaman darlığından könlüm istəyən yerləri gəzə bilməsəm də, müəyyən yerlərlə tanışlığım oldu.
Naxçıvan haqqında televiziya və mətbuatdan məlumat alırıq. Bəzi mətbu orqanlar oranı vahim bir yer kimi təqdim edirdilər. Ancaq ilk gedişimdə heç də bir tərəfli mövqe sərgiləyən qəzetlərin yazdığı kimi olmadığını gördüm Naxçıvanı. Şəhər çox səliqəli, yolları hamar və genişdi.Taksidə olan digər yolçu sürücüdən icazə alıb siqaret yandırmaq istədi. Sürücü taksidə siqaret çəkməyin qadağan olduğunu söylədi. Özüm bu zərərli vərdişə aludə olsam da, qərarın doğru olduğunu söylədim. Ən azından bu, bir təmizlik, mədəniyyət göstəricisidr. Sürücü ilə söhbətimiz əsnasında bir çox məqamlar aydın oldu. Belə ki, burada qaydana-qanuna çox önəm verilir və bu tələblərə kimliyindən asılı olmayaraq – sıravi vətəndaşından dövlət məmuruna kimi - hər kəs əməl edir. Elə əsas olanı da budur. Sərhədə kimi yol boyu rayon və kəndlərdən keçdik. Kəndlərdə müasir standartlara cavab verən məktəb, mədəniyyət evləri görünür. Bütün bunlar isə insanlığa verilən dəyərin bariz nümunəsidir. Bir sözlə, kim nə deyir desin, nə yazırsa yazsın, Naxçıvan inkişaf edir.  İğdırdan keçən yol... Budur, artıq sərhəddəyəm. Pasport-yoxlanış məntəqəsində qeydiyyatdan keçib, yolumuza davam edirik. Bu anda Ağrı dağını görürəm. Başı qarlı Ağrı dağı öz möhtəşəmliyi və əzəməti ilə məni heyran edir. Öz-özümə düşünürəm, varlığı ilə artıq əfsanələşən bu dağ özündə hansı sirləri gizlədir görəsən? Təbii ki, sirrləri açılmayan bir çox həqiqətləri... Bu düşüncələr altında İğdıra çatırıq. Türkiyəyə ilk səfərim olduğundan yola-izə bələd deyildim. Bakıda olarkən İğdırlı dostumuz Abasət məni İğdırda digər dostumuz Tuncayın qarşılayacağını söylədi. Deyildiyi kimi, İğdırda bələdiyyə binasının önündə taksidən düşüb, Tuncaya telefon açıram. Artıq hava qaralırdı. Çox keçmir ki, Tuncay gəlib məni öz maşını ilə Qarsa gedən avtobus dayanacağına aparır. Ora çatanda bəlli olur ki, sonuncu avtobus az öncə yola düşüb. Sağ olsun Tuncayı, telefon edib, avtobusu saxladır və məni avtobusa yetirir. Minib öz yerimi tuturam. Avtobus Qarsa doğru yola çıxır. Ora kimi hər şey normal idi. Qarsa yaxınlşadıqca qəribə bir hiss və həyacan məni bürüdü. Bu həyacan, uzun illərin ayrılığından sonra, qohumlarımla yenidən görüşəcəyimiz anın həyacanı idi. Avtobus yolla şütüyür, hər yan qaranlıqdır. Ətrafda işıq gələn evlərdən savayı heç nə görə bilmirəm. Ancaq ön şüşədən yolu çəkirdim. Cəmi iki saatlıq yol isə bitmək bilmirdi. Budur, önümüzdə işıqlı bir ümman görürəm. Yanımda oturan yolçu: “İşte Kars, yetişdik”  deməsindən bu ümmanın Qars olduğunu anladım.  İlk görüş...  Avtovağzalda məni qohumlarımızdan Ergin Sarıçayır və onun yeznəsi Ertac qaşıladı. Görüşüb evə yola düşdük. Evdə bir qələbəlik gördüm. Qohum əqrabalar gəldiyimi eşidib onlara yığışmışdılar. İllər həsrətlililərinin, heç zaman, bu dünyaya gəlişindən bəri bir-birini görməyən insanların görüş anlarını sözlə ifadə etmək olmur. O anlar adam elə bir hiss, elə bir duyğu yaşayır ki, bunu ifadə etmək sadəcə mümkün deyil. Gecədən xeyli keçənə kimi danışdıq, söhbətləşdik. Danışdıqca danışırsan, çalışırsan ki, illərin yaratdığı boşluğu sözlə doldurasan. Onlar soruşur mən cavab verirəm, mən soruşuram onlar cavablandırır. Ergin abinin anası, dünya görmüş ağbirçək Nuriyyə nənə (Mən Qarsdan dönəndən sonra Nuriyyə nənə Tanrı Dərgahına yolçuluq etdi. Allah Rəhmət eləsin.) mənə böyüklərindən eşidiklərini anlatdı. Dədələrinin Borçalının Ağaşı Qullar kəndindən gəldiyini, bir nəslin ayrı düşmüş tarixini nəql etdi. Nənə danışdıqca kövrəlirdi...    Qarsa gələn bir də gələr...  Orada olduğum müddətcə Qars şəhərini dolaşdım, şəhərə bənzərsiz gözəllik verən, Anadolu Səlcuqlu dövlətinə bağlı Saltuklu bəyi Məlik İzzəddinin əmri ilə vəziri Firuz Akay tərəfindən 1153-cü ildə inşa etdirilən qalanı gəzdim. Qalanın üstündən əsrlər ötməsinə baxmayaraq öz möhtəşəmliyini bu gün də qorumaqdadır. Qala içərisində Yeniçəri koğuşu, cəbhanəlik, məscid və Cəlal Baba türbəsi var. Cəlal Baba haqqında bir çox əhvalatlar mövcuddur. Mənə isə söylədikləri bunlar oldu: “Əski bəylərbəyi sarayını 1239-cu ildə ermənilər və gürcülər alırlar. Qarsın Qalaiçi məhəlləsindən olan Cəlal Baba öncüllüyündə yapılan muharibəylə bura geri alınır. Vuruşma anında Cəlal Babaya əsirlərdən biri arxadan saldıraraq öldürüb başını kəsirlər. Baxın, bu dədələrimiz, babalarımız bizlər üçün nə fədakarlıqlar yapmışlar. Başlarını kəstirmiş, canlarını fəda etmişlər”.Deyilənlərə görə qalanı 1579-cu ildə Osmanlı Padişahı III Muradın əmri ilə Qarsa gələn Lələ Mustafa Paşa təmir etdirib. Qala meydançasında o dövrün Osmanlı topu və digər tarixi eksponantlar da var. Bizdən başqa qalanı gəzib-dolaşan, xatirə şəkli çəkdirən onlarca turist vardı. Turistlərlə söhbət zamanı bəlli olur ki, Qarsa gələn və Qars Qalasına çıxan, şəhərdən ayrıldıkdan sonra yenə də Qarsa gəlmək istəyir. Qarsı, xüsusən də Qars qalasına çıxmağı çok sevdiklərini, insanın burada özünü huzurlu hissetdiyni də söyləyirlər. Bunda Qarsın havasının, insanlarının səmimiyətinin də önəmi olduğunu vurğulayırlar.  Ən çox sevdikləri mənzərə isə Qarsı qaladan seyr etmələriymiş.  İzim Borçalıda qaldı...

...XIX əsrin sonları, XX əsrin əvvəllərində Borçalı, Qazax, Ağbaba mahallarından siyasi nədənlərdən köç etmiş Qarapapaq türkləri Türkiyənin çeşidli bölgələrində məskunlaşmışlar. O köçlərin içərisində bizim də babalarımız olub. Köç etmiş qohumlarımız o zamanlar Qarsa bağlı Çıldır ilçəsinin Ağcaqala kəndində məskunlaşıblar. Arada imkan tapıb, Çıldır gölünün sinəsində babalarımızın yurd saldığı Ağcaqala kəndinə də getdik. Ergin abi, Ertac abi və mən Çıldır gölündəki adaya gedib orada Qarapapaq-Tərəkəmə qaydası ilə kabab çəkdik. Ertac abinin maşınındakı maqnitofondan süzülən saz havası  havalanıb gölün başına dolanır, iki el arasında  dolaşan ruharı səsləyirdi. Aşıq, Çıldırlı Aşıq Şenliyin “El arasında” sözlərini oxuyurdu:  Ne güzel huyludur TerekemelerDerdini bölerler el arasındaAğlasam ağlarlar, gülsem gülerlerGöz yasım silerler el arasında Ağır meclisleri, xoş söhbetleriGüzel nisaneli xoştur kentleriMerhametli, duyğulu milletleriDerdini bölerler el arasında Terekeme asilzade nesliyemÖzüm kocalmısam çok hevesliyemAdım Âsık islâm, kendim karslıyamHatırım sayarlar el arasında. Bir yandan sazın havası, gölün mehi, adadakı otların iyi, o bir yandan da kababın damaqlarda qalan dadı insan oğluna unutmayacaq an bəxş edir. Hələ qartof külləməsini demirəm... Gəldiyimizi eşidən qohumlarım adaya gəldilər. İlk dəfə idi görürdüm onları. Heç olmayan kimi qanım qaynamışdı. Onlara tez isnişdim, elə bil, illərdir tanıyırıq bir-birimizi. Axşam kəndə gəldik. Oradakı qohumlarımızla da görüşüb, bağlaşdıq. Eynən şəhərdə olduğu kimi kənddə də başıma yığışmışdılar, gecədən keçənə kimi söhbət edib, olub-bitənləri anlatdıq. Gedəndə özümlə Borçalı Aşıqlarının lent yazılarını da götürmüşdüm. Birlikdə dinlədik. Kövrəldilər, dönüb-dönüb dinlədilər...  Vaxtımın darlığından Ağcaqalada cəmi bir gecə qaldım. Çox qalmamı istədilər. Təkidilə: “Qal, səni yayla yerimizə götürək. Dədələrimizin, nənələrimizin getdiyi cığırla gedək, gəzdiyi yerləri gəzək” dedilər. Ürəyim qalmaq, o izlərlə yürümək, onların keçirdiyi duyğuları yaşamaq istəyirdim. Bilmirəm, yaşaya bilrədimmi?.. Deyirlər ki, Nənəmiz Xeyransa hər dəfə yaylaya çıxıdığı zaman “səni veran qalasan a dağlar, elimdən-günümdən aralı saldın” deyib, bayatı çəkərdi. Biz də uşaq idik, nənəmizin nə danışdığını, kimi qarğıdığını, axan göz yaşlarının səbəbini anlamazdıq. Bayatılarını göz yaşlarına dəsmal edərdi:

İzim Borçalıda qaldı,
Sözüm Borçalıda qaldı.
Doymadım vüsalından,
Gözüm Borçalıda qaldı.



Əzizim, elim kəndim,
Qurbanın olum kəndim.
Görüşünə ümid az,
Uzaqdır yolum kəndim.

 

 Göy üzündə durna qatarını görəndə, dərin ah çəkərək durnalara sarı səslənərmiş Xeyransa nənəm. 

 Əzizim, varı burda,
Dövləti, varı burda.
Göydə durnalar uçur,
Vətənə sarı burda.

 Sübh tezdən Ağcaqalanı gəzdim, dolaşdım, məzarlığı ziyarət edib dünyasını dəyişən qohumlarımızın ruhuna dualar oxudum. Borçalıdan – Aşağı Qullardan köç edən keçmişlərimin son nümayəndəsi Xeyransa nənə 1961-ci ildə dünyasını dəyişib - Allah rəhmət eləsin. Nənəmin məzarı önündə durub fikrə dalıram. Ruhum qarşı yatan yastı dağları aşıb kəndimizə gedir, oradakı məzarlığı ziyarət edir, ruhları qovuşduğu kimi məzarlarını da qovuşdurmağa üz tutur. Bu an göz yaşları kimi ruhuma süzülən bir ün duyuram:

Elimdən, obamdan gələnim var,Qərib göz yaşımı silənim var...

 Mənimlə məzarlığa gələn Sedat abidən Xeyransa nənəmin şəklinin olub-olmadığını sordum. -Yox, yoxdur. O zamanlar kənddə şəkilçəkən nə gəzərdi. Sevinc və kövrək dolu hisslərlə məzarlıqdan ayrılıb bizə sarı gələn qohumlarıma tərəf getdim. Bir-bir evlərinə aparıb o günlərdən qalan xatirələrini danışdılar. Söhbətimiz əsnasında məlum oldu ki, bizdə olan adların hamısı eynilə onlarda da var.  Vida şərqisi...  Orada olduğum müddətdə heç qəribçilik çəkmədim. Sanki, burada doğulub-boya başa çatmışdım. Bəlkə insanların danışığı, şivəsi eynən bizimki kimidir, bilmirəm, bəlkə də qanı-canı bir olan qohumlarımın əhatəsində idim, onu da bilmirəm. Bircə onu bildim ki, oralar mənə Borçalı qədər çox doğma idi. ...Vədə tamam olmuşdu, artıq geri dönməli idim. Gəldiyimdə nə qədər sevincli idimsə, ayrıldığımda bir o qədər üzgünəm. Gəldiyimdə bir yerə yığışıb məni qarşıladıqları kimi, döndüyümdə də bir yerə yığışıb uğurladılar. Göz yaşları yanaqlar boyu süzülüb yerə su salırdı. Hər kəslə görüşüb pilləkənlərlə aşağı endiyim zaman eynilə bizdəki kimi, arxamca su atdılar. Bir daha anladım ki, illər, sərhədlər bizləri ayrı salsa da, dəyişən heç nə yoxdu. Elə onlar bizik, biz də onlar. Vida şərqisi qəlbimdən dilimə süzülən bayatıya çevrildi:    Mən aşiq qəlbiləndi,

Ay doğdu, qəlbiləndi.

Nəyə desən and içim,

Bu qəlb o qəlbinəndi.

BAYRAĞIMIZ

Ziyaret Bilgileri
Aktif Ziyaretçi2
Bugün Toplam70
Toplam Ziyaret214662
FACEBOOK
Hava Durumu
Anlık
Yarın
25° 29° 20°
KAFKAS DANS EKİBİMİZ