Məqsədli siyasətin qurbanları
Rəşad Sahil
Məqsədli siyasətin qurbanları
Hədəf Borçalıda təhsilsiz azərbaycanlı toplumu yaratmaqdı Hələ biz orta məktəbdə oxuduğumuz vaxtlarda da Gürcüstanda təhsil sistemi fərqli idi. Sovetlər dağılandan sonra müstəqil düşüncələri ilə müstəqil təhsil sistemi yaratmağa girişdilər, demək olar ki, nail oldular da. Normaldı, müstəqil ölkənin müstəqil də təhsil sistemi olmalıdı, ancaq bu sistem ölkədə yaşayan sayca ikinci olan bir millətin doğal haqlarının əlindən alınması ilə nəticələnməməlidi. İldən ilə təhsildə islahat adı altında Gürcüstanda yaşayan azərbaycanlıların təhsil alma radiusunu daraltmağa başladılar və bu gün də xoşagəlməz proses davam edir. Gürcüstanda yaşayan azərbaycanlılar sovetlər zamanı da təhsil alırdılar. O zaman bəlli bir sistem vardı; məktəblərdə digər fənlərlə yanaşı “Gürcü dili”, “Gürcüstan tarixi” və “Gürcüstan coğrafiyası” da tədris olunurdu. Bu üç fəndən tək biri – “Gürcü dili” dərsliyi gürcü dilndə tədris edilirdi. Qalan bütün fənlər isə, hətta “Gürcüstan tarixi” və “Gürcüstan coğrafiyası” belə öz doğma dilimizdə tədris olunurdu. Sovetlər zamanında normal təhsilə yiyələnmək mümkünüydü və yalan olmasın məktəbi bitirən 20 nəfərdən 15-i ali məktəblərə qəbul olunurdu. Hazırda bir kənddən ildə 2-3 nəfər təhsil dalınca gedən varsa qəhrəmanlıq sayılır. Ancaq indi ildən ilə müxtəlif islahatlar adı altında soydaşlarımız normal təhsil alma hüquqlarından məhrum olurlar. Hər il yeni qaydalar tətbiq edirlər: biri də milli azlıqların tədris ocaqlarında təhsilin 30 faizi gürcü dilində aparılmasıdı. Bu nə deməkdir? Özlüyündə onu ehtiva edir ki, əhalinin çox hissəsi təhsilsiz qalacaq. Gürcüstan hökumətinin hədəfi təhsilsiz bir azərbaycanlı toplumu yaratmağa hesablanıb. Əgər planlarını tam olaraq həyata keçirə bilsələr, məqsədlərinə nail olacaqlar. Onsuz da bu günə kimi eksperiment olaraq “təhsil islahatı” adı altında iş aparırlar. Və heç kimdən (fərdi qaydada xırda-para reaksiyaları çıxsaq), - istər yerli azərbaycanlılardan, istərsə də dost-qardaş ölkə Azərbaycandan fərli bir reaksiya görmədiklərindəndi ki, gündən-günə “təhsil islahatları”nı genişləndirirlər. Az öncə dediyim kimi, haqlarını, hüquqlarını tələb edə, ən nəhayət düşünə bilməyən bir toplum yaratmaq istəyindədirlər. İllərdi ki, az qala bütün dünyaya car çəkirlər; Gürcüstanda yaşayan azərbaycanlılar “gürcü dilini bilmirlər”, “Gürcü dilini öyrənmək istəmirlər”, “oxumurlar”, “aktiv deyillər” və sairə və ilaxır. Onlar belə dedikcə bizim də bir çox “ağzı göyçəklərimiz” də onların dediklərini əsas tutaraq ağıl verməyə çalışırlar ki, “dili öyrənin, bunlar da sizə iş versinlər”. Fikrimin izahına başlamamışdan qabaq deyim ki, gürcü yetkililəri əleyhimizə olan bu kimi təbliğatları ilə bir çox ziyalılarımızı öz fikirlərinə şərik edə biliblər. Onları inandırmağa çalışırlar ki, (elə inandırırlar da) “bunlar dili öyrənsələr dövlət idarəçiliyində yaxından iştirak edərlər və sairə”. Yeri gəlmişkən, qeyd etməliyəm ki, gürcü dilini bilən azərbaycanlılar kifayət qədər olsa da, onlar dövlət idarəçiliyində çalışmaq üçün o qədər də yaxına buraxılmırlar. Bu faktın özü onu deməyə əsas verir ki, Gürcüstan hökuməti səmimi deyil, onların bu addımı da növbəti baş aldatmalarından biridi, o qədər. Gürcü dilini niyə öyrənə bilmirik?! Bütün bunların kökündə Gürcüstan hakimiyyətinin apardığı məqsədli siyasət durur. Orta məktəbdə oxuyan zaman bizə də gürcü dili tədris olunurdu. Azərbaycanlı məktəblərdə dərs demək üçün kənar rayonların birindən ali məktəbi yenicə bitirən milliyyətcə gürcü olan gənc bir xanımı göndərirlər. Bu xanım təcrübəsiz olduğundan şargirdlərlə davranış qaydalarını belə qura bilmirdi. Bir müddətdən sonra sinif, sözün əsl mənasında bazara cevrilirdi; şagirdlər gürcü dilini bilmir, gənc müəllimə isə öz ana dilini və bir az da rus dilini bildiyindən şagirdlərlə ünsiyyət qurması sözün əsl mənasənda bir tamaşanı xatırladırdı: çünki müəllimə nə istəyir şagird anlamır, şagird nə demək istədiyini də müəllimə başa düşmürdü. Məsələn, şagirdlərdən biri ayaqyoluna getmək üçün müəllimədən icazə almalıdır. Amma bir-birilərini başa düşmürlər, bəs şagird müəlliməyə fikrini nece çatdırmalıdı?.. Bax bu zaman çıxılması mümkün olmayan bir vəziyyət yaranırdı. Gündəlik dərs saatları az qala şouya döndüyündən şagirdlər də gürcü dilindən ən yaxşı halda ala yarımçıq əlifbanı öyrənirdilər. Və həmin o gənc müəllimə şagirdlərə gürcü dilini öyrətmək əvəzinə, ilin sonunda bəlli oldu ki, gürcü dilini azərbaycanlılara öyrətməyə gələn müəllimənin özü, Azərbaycanca danışmağı öyrənib. Görünən odur ki, bizim şagirdlər müəllimədən yaxşı pedaqoq imiş. Xüsusi olaraq qeyd edim ki, həmin gürcü dili müəllimlərinə verilən əməkhaqqı yerli müəllimlərdən iki-üç dəfə artıq olub. Bu məsələnin birinci tərəfi... İkinci tərəfi ondan obarətdir ki, azərbaycanlılar təhsil aldığı məktəblərdə yaxşı olardı ki, gürcü dili ixtisaslı azərbaycanlı müəllimlər dərs desinlər. O zaman istəyə nail olmaq mümkündü. Soruşula bilər ki nə fərqi var. Var, özü də köklü fərqi var. Fərqini isə yuxarıda qeyd etmişəm. Həmin məktəblərdə gürcü dili ilə yanaşı rus (indi rus dilini sıxışdırıblar), ingilis və ya alman dilləri də tədris olunurdu. Qeyd etdiyim fənnləri azərbaycanlı mütəxəssislər tədris edirdilər - ya Rusiyadan, ya da İngiltərədən, yaxud da Almaniyadan mütəxəssis gəlmirdi - və şagirdlər də həvəslə o dilləri öyrənir və ali məktəblərdə qəbul imtahanları zamanı imtahan veridilər. Bunu hər kəs təsdiqləyə bilər. Demək, söhbət problemin həllinə düzgün yanaşımdan gedir. Əgər gürcü dili fənninin tədrisi zamanı düz siyasət aparılsa istənilən nəticəni əldə etmək mümkün olar. Gürcü dilinin daha tez qavranılması üçün o biri dillərdən bu dilin iki üstünlüyü var: birincisi dövlət dili olması, ikincisi isə Gürcüstanda yaşayan azərbaycanlılar paytaxta, rayon mərkəzinə, idarələrə, bazarlara getdiyi zaman gürcücə sözləri çox eşidirlər. Bu da üstünlük verir ki, bu dil məktəblərdə daha tez, özü də yüksək səviyyədə öyrənilsin, yəni qulaqları alışıb artıq. Mütəxəssis yoxdu İndi öz doğma dilimizi tədris edə biləcək mütəxəssislər də yox dərəcəsindədi. Götürək istənilən kənd orta məktəblərindın birini. Məsələn Marneuli rayonunun Yuxarı Qullar, Aşağı Qullar, Qırıxlı, Baydar, Qurtlar və sairə kənd orta məktəblərini. Bu məktəblərdə şagird sayı irəlki illərə nisbətdə dəfələrlə aşağıdır. 1. Şagird çatışmır; səbəb isə kənd sakinlərinin yaşam tərzi aşağı olduğundan ailəsi ilə birlikdə müxtəlif ölkələrə üz tutmalarıdı. 2. Kadr çatışmamazlığı; müəllimlərin bir hissəsi dolanışıq dalıyca ölkədən gediblər, bir hissəsi də artıq təqaüd vaxtları olduğundan təqaüdə göndərilirlər, yerinə isə yeniləri gəlmir. Burada da bir passivlik hökm sürür, istər Borçalı ziyalıları, istərsə də Azərbayacan dövləti tərəfindən. Ən ağır yük həm buarada, həm də orada fəaliyyət göstərən ictimai təşkilatların üzərinə düşür. Həmin birliklər, Azərbaycan dövlətinə mürəciət etməlidirlər ki, Gürcüstanın azərbaycanlı məktəblərində dərs demək üçün kadrların hazırlanmasına kömək olaraq ali məktəblərdə müəyyən yer ayırsın. Yer ayrılarsa, oxumağa göndərilən şagirdlər də yerlərdə obyektiv olaraq seçilməlidi. Həmin şagirdlərin seçimi zamanı xüsusi vurğulanmalıdır ki, təhsil aldıqdan sonra gənc mütəxəssis kimi Gürcüstana qayıdıb orta məktəblərdə ixtisası üzrə dərs deyəcək. Bu mütləq şərt kimi həmin şagirdin qarşısında qoyulmalıdı. Əgər bu məsələ Azərbaycan dövlətinə təklif edilərsə, edildiyi zaman qəbul olunarsa, o zaman problemin bir hissəsi həll edilmiş olar. Həmçinin məktəblərdə texniki vəsait çatışmamazlığı da var. Məktəblərdə stol-stul, yazı lövhələri demək olar ki, heç yenilənmir. Hətta bəzi avadanlıqlar sovetdən qalmadır. Bütün bunlarla yanaşı cəfakeş kənd sakinləri məktəblərini yaşatmaq üçün əllərindən gələni edirlər. Dövlət tərəfindən yanacaqla təmin olunmayan məktəblərə sakinlər özləri yanacaq gətirir. Ancaq dövlətin apardığı təhsil sistemindəki islahatlara əlləri yetmədiyindən, çarə tapa bilmirlər. Çarəni isə özümüz tapmalıyıq. P.S. Vallah problem o qədərdi ki, sadalamaqla bitirmək olmur. Məsələn, getdikcə məktəblərin sayı azalır, dərs vəsaitlərinin çatışmamazlığı, məktəblərin ümumi qəbul olunmuş standartlara uyğun gəlməməsi və s. Bu problemləri həll etmək üçünsə özümüz öz dərdimizə qalmalıyıq. Atalar demiş: qonşu işığına ümid olan işıqsız qalar.